Rafael Sulxayevin sehirli qidası – “Magic Food”
Füsunkar Zaqatalada doğulduğu üçün oraya geri dönmək, orada yaşayıb yaratmaq istəyirdi Rafael bəy. Bakıda tətbiqi riyaziyyat üzrə ali təhsili tamamladıqdan sonra məhz belə də edir Rafael Sulxayev – bir proqramçı olaraq onun üçün əsas iş yerlərinin Bakıda olmasına baxmayaraq, Zaqatalaya dönür. Burada qardaşları ilə birlikdə telefon və aksesuarları mağazası açır və başlayır proqramlaşdırma biliklərini telefon proqramları üzərində sınamağa. Beləcə onun biznes təcrübəsi formalaşmağa başlayır.
Marja-nın məlumatına görə, illər keçir, o ailə qurur, iki övladı dünyaya gəlir, qardaşları da evlənir, onların da ailələri böyüyür. Lakin bizneslərini böyütməkdə çətinlik çəkirlər. O axtarışdadır – niyə onlar irəli getməyə yol tapa bilmirlər. Nəhayət ki, 34 yaşına qədəm qoyanda daimi müştərisi olduğu TuranBankdan eşidir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi çərçivəsində Zaqatalada sahibkar olmaq istəyən və sahibkarlıq fəaliyyətini genişləndirmək arzusunda olan şəxslər üçün təlimlər təşkil edir. Rafael bəy qətiyyətlə qardaşlarını da əmin edir ki, onlar bu təlimlərə qoşulmalıdırlar – onların hamısının arzusu var: uğurlu sahibkar olmaq, öz bizneslərində, müəssisələrində başqaları üçün də iş yerləri açmaq, regionda xüsusilə özləri kimi gənclər üçün iş imkanı yaratmaq.
Rafael bəy indi xatırlayır: “Təlimlər ilk növbədə bizə böyük motivasiya verdi, yenidən öz gücümüzə inanmağa başladıq. Sonra biznesin idarə edilməsi ilə bağlı hərtərəfli biliklər, kooperativlər barədə yeni əldə etdiyimiz informasiya bizə cari telefon biznesimizi irəlilətməyə kömək etdi və hətta yeni biznes ideyalarına yol açdı.”
Yeni biliklər həmişə onu narahat edən daha bir məsələyə də işıq yandırdı. Rafael bəy Zaqatalanı yaxşı tanıyır, tez-tez müxtəlif kəndlərində olurdu. O görürdü ki, kənd camaatı heç də bütün məhsulunu sata bilmir, məhsulun xeyli qismi, hətta bəzən yarısı ağaclarda qalıb məhv olurdu. Axı ailələr hər ağac tumurcuqlayanda onun meyvəsini satıb, əldə edilən vəsaiti hara yönəldəcəyini artıq planlamağa başlayır. Amma təəssüf ki, bəzən planlar reallığa çevrilmir. Həm ailələr vəsaitdən məhrum olurlar, həm də məsuliyyətli istehsal və istehlakdan danışdığımız zəmanədə yetişmiş bəhər göz görə-görə məhv olurdu. Təlimlər zamanı Sulxayev qardaşları qərara gəlirlər ki, yeni biznesə başlasınlar – birlikdə meyvə qurutma avadanlıqları alıb, kooperativ qurmaqla, həyat yoldaşlarını da cəlb etməklə, həm özləri üçün yeni cığır cızsınlar, həm də soydaşlarına və təbiətə fayda vermiş olsunlar.
Layihə çərçivəsində əldə etdikləri qrant hesabına meyvə qurutma avadanlıqları əldə edən qardaşlar, öz əməklərini də səfərbər edərək, bütün gücü işə verirlər. İlk növbədə Rafael bəy həyətlərində istifadəsiz qalmış köhnə tikilini yeni şəklə salmaqla, yeni biznes üçün emalatxana və anbara çevirir, orada müvafiq havalandırma sistemi qurur, nəmişlik və temperaturun tənzimlənməsi üçün tədbirlər görür. Qardaşlardan kiçiyi meyvə tədarükü üçün kəndlərə səfərlərə başlayır, böyük qardaşı isə marketinq, brendinq, qablaşdırma işlərini üzərinə götürür, xanımlar isə xüsusilə təmizləmə, yuma, dilimləmə və qurutma prosesini həyata keçirirlər. Mövsümi işlərə əlavə 7 nəfər də cəlb olunur. Beləcə, onlar “Magic Food” markası altında bazara keyfiyyətinə xüsusi nəzarət edilməklə hazırlanmış xurma, gavalı, zoğal, alma və sair meyvə qurusu və çipsləri təqdim edirlər.
İlk il 10 ton meyvə qurusu əldə edən kooperativin məhsulları artıq Zaqatalada müxtəlif obyektlərdə satılmaqla yanaşı Bakıda topdansatış meyvə bazarlarında, “Bazarstore” mağazalarında, İnstagram, Facebook və Layihənin dəstəklədiyi e-sergi.az platforması üzərindən müştərilərə təqdim edilir. Məhsulların fərdi sifarişlər əsasında Bakıya çatdırılması da təşkil edilir. Rafael bəy meyvə qurularının yarısını Rusiya bazarına da çıxarmağa müvəffəq olaraq, ixraca da ilk addımlarını atır. Hazırda o, yay mövsümünə hazırlıq üçün intensiv şəkildə böyük alış sifarişləri əldə etmək üçün danışıqlar aparır ki, daha böyük həcmdə istehsala və satışa nail ola bilsin.
“Həm ailəm, həm də ətrafımdakı insanların gözlərində sevinc, üzlərində təbəssüm gördükcə mən daha böyük işlər üçün qanadlanmış oluram!”, - Rafael Sulxayev inamla qeyd edir.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 83 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























