Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yun çox, alan yox

Həmişə yaxşı pula getmiş yun bu gün niyə əllərdə qalıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yun çox, alan yox

Əvvəllər yun həm məişətdə, həm də sənayedə ən çox istifadə edilən məhsul olub. Analar qızlarına gəlin köçərkən cehizinə yundan salınmış yorğan-döşək,  xalça-kilim qoşublar. Təmiz yun geyimlər də hər deyəndə ələdüşən olmayıb. Hələ yun xalçalarımızın xarici ölkələrin muzeylərində qiymətli eksponat kimi saxlanılmasını demirik. 

Ona görə də qoyunçuluqla məşğul olan təsərrüfatlar, ayrı-ayrı adamlar bu işə xüsusi diqqət yetirirdilər. Sovet vaxtı kolxoz və sovxozların fəaliyyətində ət, süd, yumurta kimi ərzaq məhsulları ilə yanaşı, yun istehsalı da başlıca iqtisadi göstərici sayılırdı. Təsərrüfatlar bu sahədən yaxşı gəlir götürürdülər. Çünki alıcı və qiymət sarıdan problem yox idi. Təsərrüfatlar hər il may ayında qırxdıqları yunu o vaxt Yevlaxdakı Yun Emalı Zavoduna satırdılar, özü də yaxşı pula. 

Həyat göstərir ki, bir işi qurmaq, başa gətirmək üçün bəzən illər lazım gəlir. Qurulanı söküb-dağıtmaq, məhv etmək isə an məsələsidir. Həmin an, yaxud səhv qərar məsələsidir ki, hazırda yun tədarükü və emalı ilə məşğul olan hər hansı müəssisə, şirkət, səhmdar cəmiyyət, demək olar ki, yoxdur. Qoyunçuluqla məşğul olan fermer Əliməmməd Yahyayev deyir ki, dədə-babadan peşəmiz çobanlıqdır: "Rəhmətlik atam ömrünün sonunadək bu işlə məşğul oldu. Bizi halal zəhmətlə böyütdü, öz peşəsini öyrətdi. İndi mən də qoyunçuyam. Göydə Allahın, yerdə dövlətimizin köməyi sayəsində pis dolanmırıq. Amma əlimizdə olan yunu sata bilməməyimiz bizə çox pis təsir edir. Hələ onun qiymətini demirəm. Əvvəllər yağın, balın, yunun qiyməti aşağı-yuxarı eyni olub. İndi isə yunun kiloqramını 1 manata alan yoxdur. Adətən, bir mal ucuz olanda onu şor və ya suyun qiyməti ilə müqayisə edirlər. Bu gün yun şor və su qiymətinə də getmir". 

Digər bir fermer isə bunun səbəbini indi adamların yun əvəzinə sintetik materiallara üstünlük vermələri ilə izah etdi. Bildirdi ki, belələri sintetik döşək və yorğanların insan orqanizminə nə qədər zərərli olduğunu nədənsə düşünmürlər. Düz sözə nə deyəsən?! Üstəlik, Əliməmməd kişinin dedikləri də həqiqətdir və qoyunçuluqla məşğul olanların hamısı eyni dərddədir. Yun var, alıcı isə yoxdur. 

Hazırda qoyunçuluqla məşğul olan fermerlərdə istehsalçılar üçün gözdağına çevrilən, alıcısını tapmamış Lerikdə 217, Yardımlıda 150, Biləsuvarda 210, Salyanda 350, Cəlilabadda 240 ton yun var. Onu da təəssüflə qeyd etmək lazımdır ki, həmin rayonların hər birində - onların ayrı-ayrı qəsəbə və kəndlərində, fərdi evlərdə sovet vaxtı xalçaçılıq sexləri fəaliyyət göstərdiyi halda, indi bu işlə məşğul olan, demək olar bir nəfər də yoxdur. Halbuki vaxtilə Lerikdə 700, Cəlilabadda 800, Yardımlıda 400, Salyanda 500, Biləsuvarda 450 qız-gəlin xalçaçılıqla məşğul olmuşlar. 

Düzdür, birbaşa Prezidentin təşəbbüsü ilə bir sıra rayonlarda xalçaçılıq müəssisələri yaradılmışdır. Amma görünür, bu təşəbbüsü yerli icra orqanları və iş adamları davam etdirməlidirlər. Və bu zaman unutmamalıdırlar ki, həm yunun ilkin emalı, həm də ondan müxtəlif məhsulların istehsalı gəlirli sahədir. Odur ki, sahibkarlar yaxşı gəlir gətirə bilən bu işin təşkili üçün səy göstərməli, yerli mərkəzi icra orqanları isə onlara hər cür dəstək olmalıdırlar. Bunu dövlətin qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi siyasət də tələb edir. 

© Seyran CAVADOV, "Azərbaycan"

06.06.2024 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ